5 Temmuz 2011 Salı

İşdən çıxma ərizəsinin ləzzəti

Bu gün bir fb dostum işdən çıxma ərizəsini yazmağın necə hiss olduğunu soruşdu. 2 il yarıma 4 iş yeri görən təcrübəli adam kimi bu barədə yaşadıqlarımı yazmağa qərar verdim.
İlk iş yerimdə rəisim əzazil idi və işçilərinə qarşı zəhlətökən, qəribə qərarlar verirdi. Məsələn, bir dəfə saat 20.00-da işçilərdən birini çağırır işə (iş vaxtı saat 18.00-da bitir), o da iş yerindən təxminən 20 km məsafədə yerləşən evindən (başqa rayonun qəsəbəsindən) çıxıb gəlir. 1 saata birtəhər çatır və görür ki, rəis yoxdu. Sabahsı gün rəis buna deyir, niyə çağıranda gəlmədin. Bu da deyir, gəldim, siz yox idiniz, yol avtobusu ilə gəlib 1 saata çatmışdım. Onda rəis dahiyanə müqayisə aparır – mən o yolu Mercedes-lə (yeni çıxan E-class modelini nəzərdə tutur) 20 dəqiqəyə gəlirəm, sən niyə avtobusla bu vaxta gələ bilməmisən?
Rəis belə rəis idi. Mən də qanunu daha çox sevirəm, nəinki rəisi. Saat 6-dan sonra işdə dayanmamağa çalışırdım, 6-cı günlər işə getmirdim, təbii ki, belə halda rəislə qırğında idim. Axırda bir iş tapıb ərizəmi yazdım. Rəis mənə münasibəti əvvəl 90 dərəcə dəyişdi. Hələ ərizəyə nazirlikdən cavab gəlməmişdi, amma mən işdə “ağ adam” sayılırdım. Cavab gəldi nazirlikdən və işdən gedəsi oldum. Rəis məni çağırdı. İlahi, adamın sifəti 180 dərəcə necə dəyişərmiş. Həmişə zəhrimar yağan üzdə gülümsəmə var idi. Heyrətlə baxırdım. Mənimlə bir “bratelnik” kimi danışdı. Dedi, hara gedirsən işə. Dedim, banka. Dedi, düz eləyirsən, get ora, saat 6-dan sora da işləməzsən. 6-cı gün işə gəlməzsən. ADAMLARLA (!) işləyərsən. Situasiya elə xoşuma gəldi ki, istədim bir də işə düzəlib bu ərizə yazmağın ləzzətini duyum.
İkinci iş yerimdə mənim maaşımı söz verdikləri vaxt qaldırmadılar və mən də daha yaxşı maaşlı iş tapıb çıxmağa qərar verdim. Çağırıb cari maaşımın 185%-i miqdarında maaş təklif etdilər. Dedim yox, mən indiki maaşımın 250%-i olan maaşlı işə gedirəm (əslində şişirtmişdim). Çıxdım işdən, 1 həftə sonra əmək kitabçasını almağa gələndə dedilər, sən qayıt, təzə işindəkindən artıq maaş da veririk, vəzifə artımına vəd də. Gec idi.
Üçüncü iş yerimdən çıxanda ərizə yazmağa məcbur edildim – siyasi səbəblərdən. Amma onda da ləzzəti oldu. Hamı mənə kamikadze kimi baxır, özlərini mənim yanımda kütlə kimi görürdülər.
Bir sözlə işdən çıxma ərizəsini yazmaq gözəldir, amma bu öz istəyinlə və daha yaxşı işə getməklə müşayiət olunarsa, daha gözəl olar.


Zaur Qurbanli.