20 Temmuz 2011 Çarşamba

Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır..

Gecələr zaman dayanır, təkcə saatlar işləyir...
- Niyə hər şey gecələr olur, Ravik...?
- Ona görə ki... Yaxın gəl, əzizim, ey mənim dəhşətli yuxuların cəngindən qopardığım, aylı çəmənlərin qoynunda tapdığım mələyim, yaxın gəl... Hə, ona görə ki, gecə də, yuxu da satqındır. Yadındadırmı, bu gecə bir yerdə yatdıq. Elə yaxın yatdıq ki, yal...nız insanlar belə yaxın yata bilərlər. Üz – gözümüz, bütün bədənimiz birləşdi, fikirlərimiz, nəfəslərimiz bir birinə qarışdı. Sonra yuxu asta – asta aramıza girdi. Əvvəlcə bomboz, gözə görünməyən bir ləkə kimi gəldi, sonra cüzam xəstəliyi təki beynimizə, qanımıza işlədi, damcı – damcı şüurumuza çiləndi, gözlərimiz yumdu və axırda bizi ayırdı. Hərəmiz qaranlıq bir kanala düşüb üzdük, tanımadığımız yerlərə gedib çıxdıq, başımıza nələr gələcəyini bilmədik... Mən ayılan kimi sənə baxdım, gördüm ki, yatırsan. Ancaq çox uzaqlarda idin, itirmişdim səni... Məndən xəbərin yox idi... Elə yerə getmişdin ki, əlim çatmırdı... – Ravik onun əlindən öpdü. – Bu necə məhəbbətdir ki, hər gecə yuxu səni mənim əlimdən alır...?!
- Mən ki sənə sığınıb yatmışdım. Yanındaca uzanmışdım... Qollarının arasındaca...
- Yox, sən yad bir ölkədə idin. Yanımda uzanmışdın, ancaq özün uzaqlarda idin. Bəlkə də gedib Siriusa çıxmışdın. Sən gündüzlər çıxıb gedəndə, belə olmur. Çünki hara getdiyini bilirəm. Bəs gecələr...?
- Yanında idim...
- Yox, yanımda deyildin. Yanımda uzanmışdın, ancaq özün yox idin. Adam şüurunun nəzarəti itən bir aləmdən necə qayıtdığını bilmir. Özünün xəbəri olmur, başqalaşıb qayıdır.
- Sən də eləsən.
- Hə, mən də eləyəm. Qədəhi bura ver, mən boş boş danışıram, sən isə içirsən.
Joan qədəhi ona uzatdı:
- Yaxşı ki, ayıldın, Ravik. Sağ olsun ay! O olmasaydı, indi yatırdıq, bir birimizdən
xəbərimiz yox idi. Ya da hansımızınsa qəlbinə ayrılıq toxumu düşərdi. Axı, özümüzdən xəbərimiz yox idi! O da yavaş – yavaş, gizli – gizli cücərər, boy atar, böyüyər və günlərin birində...
Ravik astadan güldü:
- Belə şeylər sənin beyninə batmaz... Düz demirəm, Joan....?
- Elədir, bəs sənin...?
- Mənim də. Ancaq görünür nəsə var, ona görə də fikir vermirik. İnsanın böyüklüyü də elə bundadır.
Joan yenə güldü:
- Mən belə şeylərdən qoxmuram. Ona görə ki, bədənimizə arxayınam. Onlar nə
istədiklərini hər cür zir – zibillə dolmuş başımızdan yaxşı bilir.
Ravik qədəhi başına çəkdi:
- Yaxşı, o da düzdür, - dedi.
- Bundan sonra yatmasaq nə olar?
Ravik şüşəni ayın gümüşü rəngli işığına tutdu. Kalvados yarıdan keçmişdi.
- Az qalıb, - dedi. – Hər halda, çalışarıq.
Şüşəni çarpayının yanındakı balaca stolun üstünə qoydu, sonra geri dönüb Joanın üzünə baxdı:
- Sən bütün kişilərin arzuladığı qadınsan, Joan! Hələ bir az da artıqsan, heç bir təsəvvürə
sığmazsan.
- Yaxşı, Ravik, onda gəl hər gecə oyanaq. Sən gecələr başqa adam olursan.
- Yaxşı oluram?
- Başqa cür olursan. Gecələr adamı lap mat qoyursan, elə bil sehirli aləmdən qayıdırsan...
- Gündüzlər belə olmuram...?
- Həmişə yox, hərdən olursan.
- Yaxşı etirafdır. Ancaq iki – uç həftə əvvəl bunu deyə bilməzdin.
- Yox, onda səni yaxşı tanımırdım.
- Bir – iki həftədən sonra məni daha yaxşı tanıyacaqsan, lap adiləşəcəyəm.
- Mənim kimi olacaqsan. – Joan güldü.
- Sənin kimi yox.
- Niyə...?
- Bunun cavabını əlli min il tarixi olan bioloji inkişaf verə bilər. Məhəbbət qadını ağıllandırır, kişini isə dayazlaşdırır..